Qeydiyyat bitmişdir
Seriya və nömrə haradadır?
FİN kodu haradadır?
SABAH (Savadlı, Bacarıqlı və Hazırlıqlı)
qruplarına tələbələrin qəbulu
QAYDALARI
(yeni redaksiyada)
Ümumi müddəalar
“SABAH qruplarına tələbələrin qəbulu Qaydaları” (bundan sonra Qaydalar) həmin qruplara tələbələrin seçilməsi ilə bağlı müsabiqənin keçirilməsini tənzimləyir.
Müsabiqənin təşkili
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.
SABAH qruplarına tələbələrin qəbulunu həyata keçirmək üçün SABAH layihəsinin rəsmi İnternet saytında (www.sabah.edu.az) bu Qaydalar, “Elektron ərizə forması” və “Elektron ərizənin doldurulmasına dair təlimat” yerləşdirilir.
SABAH qruplarına tələbələrin qəbul prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədi ilə apelyasiya komissiyası yaradılır.
Müsabiqədə iştirak etmək üçün SABAH qruplarının rəsmi internet saytına (www.sabah.edu.az) daxil olaraq elektron ərizə doldurulmalıdır. Elektron ərizələrin qəbulunun başlanma və bitmə vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.
SABAH qruplarında təhsil hər bir təhsilalma əsası üçün ayrılan kvota nəzərə alınmaqla, ödənişli və ödənişsiz əsasda təşkil oluna bilər.
Müsabiqədə iştirak edənlərə dair tələblər
SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.
Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.
Müsabiqənin I mərhələsi
Müsabiqənin I mərhələsində SABAH layihəsinin rəsmi saytında (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizə formasını dolduran hər bir namizədin ərizəsi yoxlanılır. Qeyd olunan göstəricilər müsabiqə qaydalarına uyğun olduqda ərizə təsdiqlənir və bu haqda namizədin elektron poçt ünvanına ərizənin təsdiqi haqqında məlumat göndərilir.
İxtisas üzrə qeyri-baza ali təhsil müəssisələrində təhsil alan namizədlər müraciət etdikləri ixtisas üzrə baza və qeyri-baza ali təhsil müəssisələrinin birinci kursunun tədris planları arasındakı akademik fərqlərin 2-dən artıq olmadığı halda müsabiqənin növbəti mərhələsinə buraxıla bilərlər.
Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsi olan test imtahanının keçirilmə vaxtı və məkanı barədə SABAH layihəsinin rəsmi saytı (www.sabah.edu.az) və Facebook səhifəsində (www.facebook.com/sabah.edu.gov.az) yerləşdirilən elan vasitəsilə məlumat əldə edirlər.
Müsabiqənin II mərhələsi
Müsabiqənin II mərhələsində iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini student.sabah.edu.az portalında yaradılmış şəxsi hesablarına daxil olmaqla əldə edirlər.
Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə imtahanın keçiriləcəyi yerə gəlməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vəsiqəsi təqdim olunmadıqda namizəd imtahana buraxılmır.
Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.
Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. Nümunə suallar layihənin rəsmi internet saytında (www.sabah.edu.az) “Seçim şərtləri” bölməsində yerləşdirilir.
“Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə əlli (50) və məntiq komponenti üzrə əlli (50) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 saat vaxt ayrılır.
Namizədlərin İngilis dili komponenti üzrə qiymətləndirilməsi baza ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənninin mövcudluğundan asılı olaraq aşağıdakı qaydada aparılır.
Baza ali təhsil müəssisəsində seçilmiş ixtisas üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənni mövcud olduğu halda, keçid balını toplamış namizədlər müsabiqənin III mərhələsində iştirak etmək imkanı əldə edirlər.
Baza ali təhsil müəssisəsində seçilmiş ixtisas üzrə I tədris ilinin I və/ və ya II semestrlərinin tədris planlarında İngilis dili fənni mövcud olmadığı halda, namizədlər bu komponent üzrə keçid balını toplamadıqları təqdirdə də müsabiqənin III mərhələsində iştirak etmək imkanı əldə edirlər.
Müsabiqənin II mərhələsi üzrə qiymətləndirmə nəticələri (müvafiq ixtisaslar üzrə müəyyən olunmuş keçid ballarına əsasən) SABAH layihəsinin rəsmi internet saytında (www.sabah.edu.az) və Facebook (www.facebook.com/sabah.edu.gov.az) səhifəsində elan olunur.
Müsabiqənin II mərhələsində müvafiq ixtisaslar üzrə keçid balını toplamış namizədlər III mərhələdə (müsahibəyə) iştirak etməyə dəvət olunurlar. Müsahibənin keçirilmə vaxtı və yeri SABAH layihəsinin rəsmi internet saytında (www.sabah.edu.az) və Facebook (www.facebook.com/sabah.edu.gov.az) səhifəsində elan olunur.
Müsabiqənin III mərhələsi
Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər müsahibə üçün qeyd olunan tarixdə akademik arayışın (transkript) əslini, şəxsiyyət vəsiqəsinin surətini müsabiqə komissiyasına təqdim edirlər.
I mərhələnin qiymətləndirilməsinə təsir edən elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, namizəd müsabiqədən kənarlaşdırılır.
Müsahibə hər bir ixtisas istiqaməti üzrə Təhsil Nazirliyi tərəfindən təyin olunmuş səriştəli komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin seçdiyi ixtisasa marağı, bu sahədəki bilikləri və ümumi dünyagörüşü və s. müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir.
Nəticələrin elan olunması
Müsabiqənin bütün mərhələlərində iştirak etmiş namizədlərin qiymətləndirilməsi müvafiq mərhələlər, həmçinin namizədlərin ali təhsil müəssisələrinə qəbul balları üzrə xüsusi çəki əmsalları nəzərə alınmaqla aparılır.
SABAH qruplarına tələbə qəbulu üzrə yekun nəticələrin elan olunması ali təhsil müəssisələrində I tədris ilinin II semestri başa çatdıqdan sonra aparılır. Bunun üçün namizədlər hər iki semestr (I və II) üzrə imtahan nəticələrinin qeyd olunduğu akademik arayışın (transkript) əslini təqdim etməlidirlər. Bu zaman birinci tədris ili üzrə akademik borc və ya akademik fərq sayının 2-dən çox olduğu aşkarlanarsa, namizəd müsabiqədən uzaqlaşdırılır.
Bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.
Akademik göstəricilər;
Keçirilən test imtahanının nəticəsi;
Müsahibə nəticəsi;
Ali təhsil müəssisəsinə qəbul balı.
İxtisas üzrə qeyri-baza ali təhsil müəssisələrindən SABAH qruplarına tələbələrin qəbulu namizədlərin, müvafiq ixtisasların tədris planları üzrə akademik fərqin maksimal 2 (iki) olduğu halda mümkün hesab olunur. Fənlərin yay məktəbi və ya alt qrupda dinlənilməsi tələbələrin öz vəsaiti hesabına həyata keçirilir.
Elektron ərizənin “SABAH qruplarında təhsil” bölməsində ingilis və ya rus dilini seçmiş namizədlər (müsabiqə tələblərinə cavab verən), müvafiq ixtisaslarda həmin bölmələr üzrə akademik qrupu formalaşdıracaq sayda tələbə olduğu halda qeyd etdikləri bölmələrə qəbul olunmuş hesab olunurlar. Elektron ərizədə, ingilis və ya rus dillərindən əlavə azərbaycan dilində təhsil seçimini işarələmiş namizədlər (müsabiqə tələblərinə cavab verən) ingilis dili bölməsi üzrə müsabiqəyə uyğun olmadıqları və ya həmin bölmə üzrə qrupun yaranmadığı, eləcə də, rus dili bölməsi üzrə qrupun yaranmadığı hallarda azərbaycan dili bölməsi üzrə yaradılmış qruplara daxil edilirlər.
Nəticələr elan olunduqdan sonra SABAH qruplarına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiq olunur, Nazirliyin İnternet səhifəsində və SABAH qruplarının rəsmi saytında (www.sabah.edu.az) və Facebook səhifəsində (www.facebook.com/sabah.edu.gov.az) yerləşdirilir, müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir .